
ABŞ-ın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin həftəsonu və gələn həftənin əvvəlində Moskvaya, sonra isə Kiyevə səfərləri gözlənilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Donald Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Onlar özləri ilə müharibəyə son qoymaq üçün təklif götürəcəklər", - deyə Tramp bildirib.
Bu arada Ali Radanın deputatı Aleksey Qonçarenko öz Teleqram kanalında hərbi mənbələrə istinadən Ukraynanın 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək davam edəcək üçgünlük atəşkəs elan etdiyini yazıb. Deputatın sözlərinə görə, atəşkəs bütün cəbhələri – quru, hava və dəniz sahələrini əhatə edir.

“Ukrayinskaya Pravda” nəşri də Ukrayna Silahlı Qüvvələrinə (USQ) verilən müvafiq əmr barədə məlumat yayıb. Nəşr müxtəlif istiqamətlərdə yerləşən bir neçə briqadadakı mənbələrinə və güc blokundakı yüksəkvəzifəli həmsöhbətinə istinadən bildirib ki, bu addım ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri ilə əlaqəlidir.
Bununla belə, Ukrayna hakimiyyəti və ya hökumət rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.