Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bugünkü açıqlamasında deyib ki, rəsmi Moskva Rusiyanın nəzarətə götürdüyü 4 regionda keçirilmiş seçkilərlə bağlı Bakının bəyanatlarından narazı qalıb və cavab olaraq demarş bildirib.
“Azərbaycanın Rusiyanın yeni ərazilərində seçkilərlə bağlı bəyanatları qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun gəlmir”, - o qeyd edib.
Zaxarovanın indiki məqamda belə bir fikir səsləndirməsi diqqət çəkir.
Ümumiyyətlə, Azərbaycan ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşır və bunu prioritet hesab edir. Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə işğalda qalan ölkədir.
Belə bir məqamda rəsmi Bakıdan işğalçılığı dəstəkləməsini tələb etmək, ya da belə bir gözləntinin olması gülüncdür.
Azərbaycanın Rusiyanın “yeni ərazilərində” keçirilən seçkiləri qəbul etməməsinə gəldikdə isə burada qeyri-adi nəsə yoxdur. Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
M.Zaxarovanın Bakının bu mövqeyini qəbuledilməz adlandırması və müttəfiqlik xarakterinə uyğun görməməsi yanlış yanaşmadır.
Məsələ ondadır ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı.
Rəsmi Bakı bu günə qədər 43 maddəlik bəyannamənin bir maddəsini belə pozmayıb.
Həmin bəyannamənin birinci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
V.Putin işğal edilən qondarma “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin ərazilərinin Rusiya Federasiyasına qəbul edilməsi haqqında sazişləri 2022-ci ilin noyabr ayında imzalayıb. Yəni rəsmi Bakının bu vilayətləri Rusiya ərazisi kimi qəbul etmək öhdəliyi yoxdur. 43 maddəlik bəyannamənin bir maddəsində belə Rusiyanın işğal edəcəyi ərazilərin Azərbaycan tərəfindən qəbul ediləcəyi barədə maddə yer almayıb.
Zaxarovanın unutduğu əsas məsələ isə Azərbaycanın Rusiya ilə müttəfiqlik xarakterinə uyğun olaraq bu günə qədər Qərbin, ABŞ-ın sanksiyalarına qoşulmamasıdır. Müqayisə üçün deyim ki, Ermənistan sanksiyalara qoşulduğu kimi həm də Roma Statunu qəbul edərək Rusiya prezidentinin bu ölkəyə səfərini hüquqi olaraq bloklayıb. Azərbaycan bunu da etməyib.
Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Qarabağdakı saxta “seçkiləri” pisləyən ölkələrə təşəkkür edərkən Ukraynanın da adını çəkib.
Turan Rzayev,
politoloq