
Nyu-York şəhərinin meri Zöhran Mamdani ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra İsrail Baş naziri Benyamin Netanyahunu tənqid edib.
O, Netanyahunun BMT Baş Assambleyası üçün Nyu-Yorka səfəri zamanı həbs olunmalı olduğuna inanır.
“Benyamin Netanyahuya gəlincə, mən onu necə hesab edirəmsə, elə də adlandıracam - müharibə cinayətkarı və Fələstin xalqına qarşı həyata keçirilən dəhşətli soyqırımın memarı”, - Mamdani CNN-ə müsahibəsində bildirib.
Nyu-York merinin sözlərinə görə, məsələni ABŞ Prezidenti ilə müzakirə edib: “Əgər Beynəlxalq Cinayətlər Məhkəməsi hansısa şəxsin qanunu pozduğuna görə həbs olunmağa layiq olduğunu hesab edirsə, biz kimik ki, kiminsə bundan yuxarı olduğunu deyək? Düşünürəm ki, hər kəs qanun qarşısında məsuliyyət daşımalıdır”.
“Teleqraf” xatırladır ki, İsrailin Baş naziri sentyabrın 24-də BMT-də çıxış edəcək. Onun Nyu-Yorka səfərinə qarşı bir neçə etiraz aksiyası planlaşdırılır. Mamdani bunların heç birində iştirak etməyəcəyini açıqlayıb.