
“Cəbhədəki vəziyyəti Vladimir Putin üçün uğurlu gedişat hesab etmək olmaz. Rusiya tərəfi qalib gəlmir, amma məğlub da olmur, çünki Putinin nəzərində insan itkiləri məğlubiyyət hesab edilmir”.
“Teleqraf” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“O, qalib gəlmir, çünki cəbhədə demək olar, tərpəniş yoxdur, cüzi hərəkətlilik var. Onun cəmiyyəti insanlarını və pulunu itirir və bütün bunlar heç bir şey uğrunda - sadəcə aramızdakı 100 kilometrlik ərazi naminə baş verir”, - Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Rusiyanın Ukrayna ərazisinə ehtiyacı olduğunu və Ukraynanın həmin ərazi olmadan yaşamasını istədiyini söyləyib.
Zelenskinin sözlərinə görə, problem məhz Ukrayna üçün bundan ibarətdir. O vurğulayıb ki, müharibənin ilk günündən etibarən Ukrayna əraziləri güzəştə getməyə razı olmayıb və indiyədək müqavimətini davam etdirir: “Biz artıq güclənmişik. Xalqımız və uşaqlarımız hələ də güclüdür, əlbəttə, uzunmüddətli müharibədən sonra onlar yorulublar. İndiyədək salamat qaldıqdan sonra müstəqilliyimizi və azadlığımızı satmaq bizim üçün qəbuledilməzdir”.