Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
YENİLƏNİB, foto

Martın 15-də Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.


Xarici İşlər Nazirliyindən Senzor.az-a verilən xəbərə görə, xarici işlər naziri Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edib.


Nazir Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.


Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib.


Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb.


Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.


Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub.


Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.

**12:22

Türkiyə və Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Bu gün görüşdə iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, turizm sahəsi və digər məsələlər ətrafında müzakirələr apardıq. Ənənəvi enerji sahələri üzərində uğurlu əməkdaşlıq edəcəyik və bir sıra layihələrə imza atacağıq.


Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.


C.Bayramov bildirib: “Rəqəmsal İpək yolu layihəsinin çox böyük perspektivlərinin olduğunu görürük. Bu ilin önəmini nəzərə alaraq Bakıda keçiriləcək COP29-un ölkələrimiz arasında əməkdaşlığa imkan yaradan amil olduğunu da vurğuladıq. Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa da diqqət yetirilməsinin əhəmiyyəti qeyd olundu”.


Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlər, sülh quruculuğu sahəsində ölkəmiz tərəfindən atılan addımlarla bağlı fikirlərini həmkarları ilə bölüşdüyünü vurğulayan Ceyhun Bayramov bildirib: “Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi şans yaranıb. Sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistan tərəfini dürüst, açıq şəkildə Azərbaycanla danışıqlara sövq etmək üçün addımlar atmalıdır”.

**12:06

Bu üçtərəfli platforma bizə çevik olmaq və konkret nəticələr əldə etmək üçün bir imkandır. Bugünkü görüşdə əməkdaşlığımızın dərinləşməsi prinsiplərini müzakirə etdik. Biz müxtəlif istiqamətlərdə əməkdaşlığımızı bundan sonra da fəallaşdırmağa hazırıq.


Senzor.az xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.


İ. Darçiaşvili bildirib ki, Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır.


“Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq və bu, regionda dönüş nöqtəsi olacaq”, - deyə gürcü nazir qeyd edib.

**11:42

Sonuncu üçtərəfli görüşdən sonra ötən 4 ildə beynəlxalq aləmdə böyük böhranlara şahid olduq. Bundan əlavə, sevindirici xəbər Azərbaycan 30 illik işğalın ardından ərazi bütövlüyünü təmin etdi. Hər üç ölkə arasında enerji sahəsində əməkdaşlıqlar barədə müzakirələr apardıq.


Senzor.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında söyləyib.


H.Fidan bildirib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir.

**

Azərbaycan-Gürcüstan-Türkiyə gündəliyi çoxşaxəlidir və bu, bir çox ölkələr üçün nümunədir. Bu üç ölkə arasında münasibətlərdə çox yüksək səviyyəli siyasi dialoqun şahidi oluruq.


Senzor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə keçirilən mətbuat konfransında deyib.


Nazir bildirib ki, bu dialoqlar dövlət və hökumət başçıları tərəfindən dəstəklənir. Beynəlxalq platformalar çərçivəsində bir-birimizin dəstəklənməsi siyasi dialoqa töhfə verir.

**

Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından böyük rola malikdir. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardır.


Senzor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının 9-cu üçtərəfli görüşündə deyib.


Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsi nəticəsində son illər regionda tarixi dəyişikliklər baş verib. Bölgədəki yeni reallıq regionun bütün potensialının istifadəsi üçün yeni perspektivlər vəd edir.

**11:22

Bakıda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan Respublikası xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.


Senzor.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.


Görüşdən sonra birgə mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.