Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB, FOTO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.


Senzor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:


-Hörmətli İlham Heydər oğlu. Gəldiyiniz üçün sağ olun.


Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.


Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz olacaq, danışılacaq bir çox mövzu var. İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.


Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.


Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur.


Sözsüz ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Bir çox məsələlər var ki, onlar olduqca həssasdır. Biz Sizinlə onların hər birini müzakirə edəcəyik.


Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:


-Hörmətli Vladimir Vladimiroviç.


Dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam.


BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.


Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.


Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.


Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.


Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək.


Sağ olun.


Prezident Vladimir Putin: Sağ olun.

**18:13

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.


Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.


Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

**17:09

Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk.


Senzor.az xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.


“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, - deyə dövlətimizin başçısı bildirib.

**16:53

Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb.


Senzor.az xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib.


Prezident Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: “Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.

**16:41

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.


Senzor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.

**12:02

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.


Senzor.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.