Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir.
Senzor.az bildirir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş video çarx nümayiş etdirilib.
Forumda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, keçirilən forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur.
O vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən dorum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.