ABŞ Prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb.
Senzor.az bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə Ağ Ev rəsmisi bildirib.
“Bloomberg”in məlumatına görə isə, Tramp müdafiə naziri Pit Heqsetə hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasının çatdırılmasını dayandırmağı tapşırıb: “Bu, artıq təyyarə və gəmilərlə daşınan və ya Polşada tranzit zonalarda gözləyən silahlara da aiddir”.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-a qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib və V.Zelenski Oval kabineti erkən tərk edib.