Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Senzor.az bildirir ki, məlumatı Azərbaycan XİN yayıb.
Qeyd olunub ki, görüş zamanı nazir C.Bayramov keçən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlıq ifadə edib: “Xalqlarımız arasında tarixi qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlıqları, eləcə də dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmimi münasibətlər fonunda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi xarakter daşıdığı bildirilib.
Ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan dövlət başçısının iştirakına görə təşəkkür ifadə olunub, Qazaxıstanın ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulması yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri və eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb”.