Rusiya Prezidenti Vladimir Putin ötən gün gecə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib, onun vasitəsilə ABŞ lideri Donald Trampa məlumat ötürüb.
TASS bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Prezident Vladimir Putin ötən gün gecə Stiven Uitkoffu qəbul edib. Rusiya tərəfinə əlavə məlumat təqdim olunub. Rusiya Prezidenti onun vasitəsilə ABŞ lideri Donald Trampa məlumat və əlavə siqnallar ötürüb", - o bildirib.
Bəs, Uitkoffun Bakıya gəlməsi? Bu ehtimal mümkündürmü?
Axar.az saytı məsələ ilə bağlı maraqlı şərh yayıb. Qeyd olunub ki, Azərbaycan XİN bu istiqamətdə sorğunu cavablandırmayıb, eyni zamanda, rəsmi qurumlar da hər hansı açıqlama yaymayıblar: “Ancaq Uitkoffun Moskvadan birbaşa Bakıya gəlməsini zəruri edən ehtimal da var. Məsələn, Tramp və Putin görüş yeri olaraq Bakını seçə bilərlərmi?
Zəruri olaraq qeyd edək ki, Azərbaycan kifayət qədər müstəqil bir ölkədir və Ukrayna münaqişəsində neytrallığını qorumaqla yanaşı, Rusiyaya tətbiq edilən heç bir birtərəfli sanksiyaya qoşulmayıb, eyni zamanda, Ukraynaya daim humanitar yardım göstərib. Azərbaycan hər iki ölkə ilə münasibətlərini yüksək səviyyədə qoruyub.
Müvafiq təcrübə də var: 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş Bakıda baş tutmuşdu.
2018-ci ilin dekabrında NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş də Bakıda keçirilmişdi.
Rusiya lideri Vladimir Putin 24 fevral 2022-ci ildən xarici səfərlərini xeyli məhdudlaşdırıb, BCM-nin Rusiya liderinin həbsinə order verməsindən sonra isə ümumiyyətlə Putin “uzaq xaricə” səfər etməyib. Bu, müharibə aparan bir ölkənin liderinin təhlükəsizliyi ilə bağlı məsələ olmaqla yanaşı, həmçinin Rusiyanın bir nömrəli təyyarəsinin keçdiyi “hava məkanları” ilə bağlıdır.
Əlbəttə, Belarus Putin üçün ən ideal variant ola bilərdi, ancaq bu versiyanı Trampın qəbul etməsi həddən artıq çətin məsələdir.
Bu baxımdan Putinin təhlükəsiz şəkildə gedə biləcəyi ölkələr sırasında Azərbaycan ilk yerdə qərarlaşır. Azərbaycan təhlükəsizlik mühiti, daxili stabillik, hakimiyyətin nüfuzu və ölkənin özünü qorumaq və hava məkanına hakim olmaq kimi keyfiyyətləri, üstəlik, regional lider potensialı Tramp-Putin görüşünün Bakıda keçirilməsi imkanlarına yol açır.
Nəzərə alsaq ki, Tramp ötən gün Putinlə görüşə səbirsizləndiyini də dilə gətirib, onda Uitkoffun Bakıya ehtimal edilən səfərinin bu görüşün təşkili ilə bağlı ola biləcəyi versiyasını istisna etmək olmaz.
**10:30

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvadan uçub.
Senzor.az bildirir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Nəşrin təqdim etdiyi kadrlarda diplomatın kortejinin Moskvanın Vnukovo hava limanına daxil olduğunu görmək olar.
Uitkoff Moskvadakı Amerika səfirliyini ziyarət edib. O, orada təxminən bir saat qalıb, əvvəllər qeyd edildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ilə görüşü gözləyib. Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov qeyd edib ki, görüş Putinin “siqnalı” ilə keçiriləcək.
“Prezident Uitkoff ilə danışıqlara başlayacağı barədə siqnal verəndə, onu Kremlə çağıracaqlar və o, Prezidentlə görüşəcək”, – deyə TASS daha əvvəl Uşakovdan sitat gətirib
Görüşün keçirilməsi barədə məlumat daxil olmayıb.
"Flightradar" portalının məlumatına görə də, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk edib.
Xidmətin məlumatına görə, Stiven Uitkoffun olduğu təyyarə Moskva vaxtı ilə saat 01:54-də (Bakı vaxtı ilə 02:54 - red.) hava limanından havaya qalxaraq cənuba istiqamət alıb. Həmin təyyarənin Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına endiyi qeyd olunur.