2025-ci il yanvarın 26-da keçirilən seçkidə yeddinci dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
BelTA xəbər verir ki, Minskdəki Müstəqillik Sarayında Prezidentin təntənəli andiçmə mərasimi keçirilib.
Ölkənin yüksəkvəzifəli şəxslərinin, eləcə də inaqurasiyaya dəvət olunmuş çox sayda qonağın iştirak etdiyi mərasimdə A.Lukaşenko sağ əlini Belarus Konstitusiyasının üzərinə qoyaraq, belarus dilində xalqa sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağına və qoruyacağına, ölkənin əsas qanunlarına əməl edəcəyinə və qoruyacağına and içib.
Bundan sonra dövlət başçısı vəzifəyə başlamaya dair aktı imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko A.Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.
A.Lukaşenko çıxışında bildirib ki, "Dünyanın yarısı Belarusdakı "diktatura"nı - real işlər və insanların maraqları üzrə diktaturanı arzu edir".
Prezident vurğulayıb ki, Belarusda söz azadlığı ilə bağlı da hər şey qaydasındadır: “Bizdəki demokratiya özünü etalon adlandıranlardakından daha çoxdur. Ölkənin dağıdılması üçün söz azadlığından dəyənək kimi istifadə edilməsinə icazə verməyəcəyik".