Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.
Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.
Sonra prezidentlər üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.
Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər.
Qeyd olunub ki, bu abidə qardaş ölkələr arasında möhkəmlənən dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin mühüm rəmzinə çevriləcək.