Fransada "Milli birlik" parlament fraksiyasının rəhbəri Marin Le Penin işinə sədrlik edən hakimə təhdidlər yağdıran şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, 76 yaşlı kişi Parisin La Qaren-Kolomb ərazisində saxlanılıb. Telekanalın qeyd etdiyi kimi, cinayətkar "X" hesabında hakim haqqında təhqiramiz ifadələr yazıb və paylaşıma gilyotinin fotosunu əlavə edib.
Ona qarşı hakimə hədə-qorxu gəlmək və hökumət nümayəndəsini təhqir etmək maddələri üzrə ittiham irəli sürülüb. Ağırlaşdırıcı hallar olmadığı təqdirdə, bu ittiham üç ilə qədər həbs cəzası və 45 min avro pul cəriməsini nəzərdə tutur.
Qeyd edək ki, martın 31-də Paris məhkəməsi parlamentin köməkçilərinin işi üzrə Le Peni dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu dörd ildən iki ili ərzində Le Pen elektron qolbaq taxmalı olacaq (qalan iki il şərti olaraq təyin olunub). Paris məhkəməsinin hökmü onu 2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək imkanından məhrum edir. Le Pen özü məhkəmənin qərarını siyasi məqsədli adlandırıb və yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib. İşə apellyasiya baxışının 2026-cı ilin yazında başa çatacağı gözlənilir.