Gürcüstanın paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionlarda elektrik enerjisi bu gün yenidən kəsilib.
Senzor.az bildirir ki, buna səbəb Kavkasioni elektrik ötürücü xəttində qəzanın baş verməsi olub.
“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin KİV-ə verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi kömək üçün Azərbaycana müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerji sistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
Xatırladaq ki, Gürcüstan bir neçə gün öncə də qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.