"Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü zamanı Rusiya tərəfinin Ukrayna ilə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu təsdiqləyib".
TASS bildirir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
"Vladimir Putin Trampın nümayəndəsi Uitkoffla dünənki söhbəti zamanı təkrar edib ki, Rusiya tərəfi heç bir ilkin şərtlər olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazırdır", - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında ilin əvvəlindən bəri dördüncü görüş baş tutub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov söhbətin üç saat davam etdiyini və "konstruktiv, olduqca faydalı xarakter" daşıdığını bildirib. Tramp da Uitkoffun Putinlə görüşünü "yaxşı" adlandırıb.