Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (SUS) antiterror əməliyyatları çərçivəsində həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Rustavi şəhərində İnterpolun dövriyyə bildirişi əsasında başqa bir ölkənin təşəbbüsü ilə axtarışda olan əcnəbi vətəndaşın saxlanıldığını bildirib.
İstintaq nəticəsində müəyyən olunub ki, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə gedərək bölgədə fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) adlı terrorçu təşkilata qoşulub.
SUS-un Antiterror Mərkəzinin məlumatına əsasən, saxlanılan şəxs döyüş təcrübəsinə malikdir və partlayıcı qurğular sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O, terror təşkilatında xüsusilə mühüm fəaliyyət sahələrinə cavabdeh olub.
Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sübutlar və elektron məlumat daşıyıcıları götürülüb.
“Report” bildirir ki, istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi tərəfindən müvafiq ixtisasla davam etdirilir.