"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni nəfəs verib. Bizim və İrandakı həmkarlarımızın vəzifəsi bu əməkdaşlığı irəli aparmaqdır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tasnim" agentliyinə açıqlamasında deyib.
H.Hacıyev Azərbaycanla İran arasındakı münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: "İran İslam Respublikasının hörmətli Prezidenti Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran-Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq".