Qazaxıstanın Mangistau vilayətində yerləşən Urduk burnu və Bautino kəndi sahillərində dəniz məməliləri olan suitilərin cəsədləri aşkar edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, vilayətin balıq ehtiyatlarının mühafizəsi idarəsinin Tupkaraqan şöbəsinin rəhbəri Konarbay Bazarbayevin sözlərinə görə, ölü suitilərin sahilə çıxması prosesi hələ aprel ayında başlayıb.
“Bu günə qədər 279 ölü heyvan tapılıb. Ötən həftə 117 cəsəd aşkarlanmış və bundan sonra sahil zolağı təmizlənmişdi. Lakin ötən həftəsonu biz daha 59 ölü suitini qeydə aldıq. İnspeksiya əməkdaşları yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə qalıqları toplamaqda davam edir və onları ixtisaslaşmış poliqona daşıyırlar”, – deyə şöbə müdiri bildirib.
Heyvanların kütləvi tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Yerli mütəxəssislər hadisənin konkret nədən qaynaqlandığını qəti şəkildə deyə bilmirlər. Bununla belə, bəzi suitilərin bədənində balıq torlarının qalıqları aşkarlanıb ki, bu da brakonyer fəaliyyətinə işarə edə bilər.
“Suitilərin ölüm səbəbləri üzərində Ekologiya və Hidrobiologiya İnstitutunun mütəxəssisləri araşdırma aparırlar. Lakin illərlə aparılan müşahidələrə baxmayaraq, onlar hələ də dəqiq nəticəyə gələ bilməyiblər”, – deyə K.Bazarbayev əlavə edib.