ABŞ-ın Suriya üzrə yeni xüsusi nümayəndəsi Tom Barrak Suriya ilə İsrail arasında münaqişənin həlli üzrə başlayan danışıqlara münasibət bildirib.
Barrak "Reuters" agentliyinə açıqlamasında diqqətə çatdırıb ki, rəsmi Vaşinqton sülh müqaviləsinin imzalanacağına inanaraq, bu məqsədlə aparılan danışıqları alqışlayır. Onun sözlərinə görə, sülh prosesinin ilk mərhələsində ölkələrin bir-birinə qarşı hücumdan imtina paktı razılaşdırılmalı, eyni zamanda, sərhədlər dəqiq müəyyənləşdirilməlidir.
Dünən "Reuters"ə danışan regional kəşfiyyat mənbələri bildirmişdilər ki, Suriyada keçən il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən bəri rəsmi Dəməşq və Tel-Əviv birbaşa danışıqlara başlayıblar. Danışıqlar sərhəd boyu gərginliyi səngitmək, münaqişənin qarşısını almaq məqsədi daşıyır. Hərçənd mənbələr danışıqların əhatə dairəsi və cari vəziyyəti ilə əlaqədar hər hansı təfərrüat verməyiblər. İsrail və Suriya da "Reuters"in yaydığı bu xəbərə rəsmi şərh verməyiblər.
Xatırladaq ki, keçən ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkə ilə sərhəddə, habelə onun daxilində hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bu əməliyyatların yeganə məqsədi İsrail dövlətinin və xalqının təhlükəsizliyini qorumaqdır.