İran Silahlı Qüvvələrinin elit birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İsrailin hava hücumundan müdafiə sistemlərini bir-birinə atəş açmağa vadar edib.
SEPAH-ın yaydığı məlumatda belə deyilir.
Məlumata görə, bu nəticə SEPAH-ın kəşfiyyat və texniki sahədə "yeni metod və imkanlar" tətbiq etməsi ilə mümkün olub.
"Düşmən sionist rejiminin çoxpilləli komanda və idarəetmə sistemləri sıradan çıxıb və onlar bir-birilərini atəşə tutmağa başlayıblar", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bir gün əvvəl SEPAH İsrailə qarşı "Hac Qasim" adlı taktiki və idarə olunan bərk yanacaqlı ballistik raketlərdən istifadə etdiyini açıqlamışdı. Bu raketlərin uçuş məsafəsi 1 400 km-dən çoxdur. Raketlər 2020-ci ildə öldürülən SEPAH-ın "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasim Süleymaninin şərəfinə adlandırılıb.
Bununla yanaşı, bazar günü axşam saatlarında İran İsrailin kəşfiyyat mərkəzlərinə zərbələr endirib. Hərbçilər bu hücumu "Doğru vəd - 3" əməliyyatının üçüncü dalğası adlandırıblar.
İran raketləri Təl-Əviv və Hayfa şəhərlərindəki hədəfləri vurub. Həmçinin "Rafael" silah istehsalı şirkətinə məxsus zavodun da zərbə aldığı bildirilib.