Ermənistandan Gürcüstana gedən yük maşınında 298 kiloqram çəkisi olan heroin aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəqliyyat vasitəsinə detallı baxış zamanı gömrükçülər kərpici imitasiya edən 600 plastik konteyner aşkarlayıblar. Konteynerlərdə yerləşdirilmiş heroininin dəyəri 85 milyon lari (31 milyon ABŞ dolları) təşkil edir.
Məlum olub ki, külli miqdarda narkotik vasitə Batumi vasitəsilə Avropaya daşınmalı imiş...
Yük maşınının sürücüsü olan Gürcüstan vətəndaşı saxlanılıb. Onu 20 il müddətinə və yaxud ömürlük həbs cəzası gözləyir.
Əməliyyat Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti, Patrul Polisi, Baş Prokurorluq və Maliyyə Nazirliyinin Gömrük Departamenti tərəfindən birgə həyata keçirilib. Hazırda istintaq davam edir, narkotrafikin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər görülür.