
İran hesab edir ki, ABŞ dövlət katibi Marko Rubionun Fars körfəzi ölkələrinə səfəri Vaşinqtonun Tehranla əldə etdiyi Anlaşma memorandumuna qarşı olub.
Senzor.az bildirir ki, bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf dövlət televiziyasına müsahibəsində deyib.
"Rubio Fars körfəzi ölkələrini təxribata çəkmək istəyirdi", - o bildirib və əlavə edib ki, ABŞ ilə əldə olunan memorandum Livanın müstəqilliyini qoruyur.
İran parlamenti sədrinin fikrincə, ABŞ dövlət katibi M. Rubio ilə vitse-prezident Cey Di Vensin siyasəti fərqlənir. Bu isə razılaşmaların icrasını çətinləşdirir: "Biz mütləq şəkildə memorandumun icrasını izləməliyik".
Onun fikrincə, razılaşmanın icrasına zəmanət BMT qətnaməsi yox, İranın güclü mövqeyidir.
İran parlamentinin sədri müsahibəsində onu da deyib ki, Livanda atəşkəsin həyata keçirilməsinə nəzarət məqsədilə İran, ABŞ və Livan üçtərəfli işçi qrupu yaratmağı planlaşdırırlar.
Onun sözlərinə görə, birgə komitədə İranı ölkənin Livandakı səfiri təmsil edəcək.
Parlament sədri xatırladıb ki, cari ayın əvvəlində Tehran və Vaşinqton Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan Anlaşma memorandumu imzalayıblar.