
İtaliyanın şimalında Turin–Lion dəmir yolu magistralının tikintisinə qarşı çıxan nümayişçilərlə polis arasında toqquşmalar olub, 60-dan çox polis əməkdaşı xəsarət alıb.
"Corriere della Sera" qəzetinin yazdığına görə, Turin–Lion yüksək sürətli dəmir yolu layihəsinə qarşı çıxan No Tav ("Yüksək sürətli qatarlara yox") hərəkatının təxminən 20 min iştirakçısı aksiyaya qatılıb.
Nümayişin başlamasından qısa müddət sonra bəzi etirazçılar ayrılaraq tunelin tikildiyi ərazilərə hücum etməyə başlayıblar.
"Onlar hasarları aşaraq tikinti sahəsinə daxil olur və ərazini dağıtmağa başlayırlar. Daşlar, fişənglər və “Molotov kokteylləri” atılır. Hüquq-mühafizə orqanlarına məxsus dörd avtomobil yandırılıb, 60-dan çox polis əməkdaşı yaralanıb", - deyə məlumatda qeyd olunub.
Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib, lakin etirazçıların xüsusi qoruyucu vasitələri səbəbindən bu tədbirlər kifayət etməyib. İğtişaşlar səbəbindən Bussoleno və Borgone arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb, həmçinin avtomagistralın hissələrindən biri bağlanıb.