
İspaniya və Fransanın fövqəladə xidmətləri yeni istilik dalğası başlamazdan əvvəl genişmiqyaslı meşə yanğınlarını lokallaşdırmaq üçün mübarizəni davam etdirirlər.
“The Guardian” qəzetinin verdiyi məlumata görə, hər iki ölkənin hakimiyyəti vəziyyətin kritik olduğunu bildirir.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın sözlərinə görə, bazar ertəsi və çərşənbə axşamı yanğınlarla mübarizədə həlledici günlər olacaq. Ən mürəkkəb vəziyyət təxminən 50 min hektar ərazinin yandığı Avila əyalətində müşahidə olunur. Ölkə üzrə yanğınların ümumi sahəsi isə təxminən 70 min hektara çatıb.
Fransada sinoptiklər havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Ən təhlükəli yanğın Jirond departamentində davam edir. Daxili İşlər Nazirliyinin məlumatına görə, burada artıq 42 min hektar ərazi yanıb.
Fransanın daxili işlər naziri Loran Nünes bildirib ki, alov gözlənilməz şəkildə yayılır və lokal külək axınları yaradır. Bordoya səfər edən Prezident Emmanuel Makron isə ölkə sakinlərini dözümlü olmağa çağırıb.
Qeyd edək ki, Fransa hakimiyyətinin məlumatına əsasən, ilin əvvəlindən bəri ölkədə yanmış meşə və bitki örtüyünün sahəsi 116 min hektarı ötüb.