
"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Senzor.az bildirir ki, Ağdam klubu səfərdə Bolqarıstanın MOİK (Sofiya) komandasının qonağı olub.
Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda oynanılan matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. İlk matçda da qolsuz bərabərlik qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən Sofiya təmsilçisi növbəti raunda yüksəlib.
"Qarabağ" isə yoluna Konfrans Liqasında davam edəcək. III təsnifat mərhələsində rəqibdir Ukrayna nəhəngi "Dinamo" (Kiyev) olacaq.
**10:25 (30.07.2027)

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.
Senzor.az bildirir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda MOİK-in qonağı olacaq.
Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb. Bu səbəbdən Sofiyadakı cavab matçını həlledici oyun hesab etmək olar, çünki növbəti mərhələyə yüksələn komandanın adı məhz bu qarşılaşmada müəyyənləşəcək.
Yeri gəlmişkən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov MOİK-lə keçiriləcək cavab oyunundan öncə təşkil olunan dünənki mətbuat konfransında deyib: “Əlbəttə ki, cavab matçında hər iki komanda qalib gəlmək istəyir. Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu durum bizi daha da məsuliyyətli olmağa sövq edir. Deyərdim ki, bərabər səviyyəli iki komanda mübarizə aparır və hər ikisinin də qələbə qazanmaq şansı var. Hər bir halda inanıram ki, azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini nümayiş etdirək. Mərhələ keçmək istəyiriksə, Bakıdakı matçla müqayisədə mütləq daha yaxşı oynamalıyıq”.
Onu da qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyununda “Makkabi” rəqibini 5:0 hesabı ilə məğlub edib.