
İranın Silahlı Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Bəsic təşkilatında altı yüksək rütbəli komandir vəzifəyə təyin edilib.
Senzor.az bildirir ki, bu barədə İranın “IRNA” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İranın Ali rəhbəri Seyid Müctəba Hüseyni Xamenei Silahlı Qüvvələrin altı yüksək rütbəli komandir və rəhbərinin vəzifə və səlahiyyətlərini müəyyən edən fərmanlar imzalayıb.
Fərmanlara əsasən, Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Keyumers Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.
Həmçinin Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı təyin edilib. Mustafa İzədi isə SEPAH baş komandanının müavini vəzifəsini icra edəcək.
Fərmanlara əsasən, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı Əli Əzmaiyə, Bəsic Təşkilatının rəhbərliyi isə Hüseyn Taibə həvalə edilib. 
Ali rəhbər Müctəba Xameneinin son təyinatla bağlı fərmanında qeyd olunub ki, İranın qorunması istiqamətində səfərbər olmuş xalqın potensialından istifadə edərək "Hər bir iranlı, bir bəsicidir" şüarının reallaşdırılması məqsədilə bəsic və müqavimət mədəniyyəti genişləndirilsin.
Bildirilib ki, xalq kəşfiyyat şəbəkəsi gücləndirilməlidir: "Digər hakimiyyət, dövlət, ictimai qurum və təşkilatlarla qarşılıqlı əlaqə, eləcə də məscid mərkəzli effektiv sosial xidmətlərin inkişafı məqsədilə cihadçı qruplar, təbəqə və məhəllə bəsicləri artırılsın.
İsrail ilə ABŞ-a qarşı bütün dünyada xalq müqavimətinin nümunəsi kimi bəsic mədəniyyəti təbliğ edilsin".
Qeyd edək ki, "Bəsic" SEPAH-ın hərbiləşdirilmiş könüllü milis təşkilatıdır.