
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokrorluğu (İAP) Ali Radanın keçmiş deputatları və Prezident Ofisinin yüksək vəzifəli məmurlarının daxil olduğu cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə NABU-dan məlumat veriblər.
Qurumun məlumatına görə, təşkilat Ukraynanın fəaliyyətdə olan və keçmiş xalq deputatlarının rəhbərliyi altında fəaliyyət göstərib. Onun fəaliyyətinə həmçinin Prezident Ofisinin yüksək vəzifəli əməkdaşları və digər şəxslər cəlb olunub.
NABU-da xüsusi əməliyyatın təfərrüatlarının sonradan açıqlanacağını bildiriblər.
Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Telegram-da Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Mudrayanın evində axtarışların aparıldığını bildirib.