
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib:
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.

“Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Əslində Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl imzalanmışdır. Bu müddət ərzində hazırlıq işləri gedirdi və bu gün biz artıq təməlqoyma mərasiminə toplaşmışıq. Bildirməliyəm ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.

Mən stansiyanın inşasına uğurlar arzulayıram, “Masdar” şirkətinə bizə etibar etdiyi və böyük sərmayəni qoymağa planlaşdırdığı üçün təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, biz yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Sağ olun.
Sonra Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei mərasimdə çıxış edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei stansiyanın təməlini qoyublar.
**11:58

Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.