
Səudiyyə Ərəbistanı Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ilə qarşıdurmada Qərb müttəfiqlərinin məhdud dəstəyindən narazıdır.
“Bloomberg“ agentliyinin mənbələrə istinadən məlumatına görə, narazılıq husilərin bu həftə Ər-Riyad Beynəlxalq Hava Limanına zərbələr endirməsi fonunda daha da artıb.
Nəşr bildirir ki, Böyük Britaniya bu yaxınlarda Səudiyyə Ərəbistanına yanacaqdolduran təyyarə təqdim edib. Lakin Ər-Riyadın tələb etdiyi əlavə hərbi yardım London tərəfindən hələ təsdiqlənməyib.
Agentliyin istinad etdiyi ekspertlər hesab edirlər ki, husilərin Ər-Riyad hava limanına hücumları münaqişənin daha da genişlənməsinə və nəticədə ABŞ-ın da qarşıdurmaya cəlb olunmasına səbəb ola bilər.
“Bloomberg“ yazır ki, Yəmən hərəkatının hücumları Səudiyyə Ərəbistanı rəhbərliyini hücumları dayandırmaq və sabitliyi bərpa etmək üçün daha sərt addımlar atmağa məcbur edə bilər.
Beynəlxalq Böhran Qrupunun (ICG) Yəmən üzrə eksperti Əhməd Naci bildirib ki, husilər hücumların miqyasını artırmaqla Səudiyyə Ərəbistanını geri çəkilməyə və hava əməliyyatlarını dayandırmağa məcbur etməyə çalışırlar. 
“Ər-Riyad bu zərbələri, xüsusilə onların görünməmiş xarakterini nəzərə alaraq, ciddi eskalasiya kimi qiymətləndirir və ehtimal ki, əvvəlkindən daha güclü hərbi təzyiqlə cavab verəcək”, – ekspert qeyd edib.
Agentlik vurğulayır ki, münaqişənin kəskinləşməsi iqtisadi artımın zəiflədiyi bir dövrdə ölkənin biznes mühitinə də mənfi təsir göstərir.
Belə ki, BP və Shell kimi iri enerji şirkətlərinin bəzi yüksəkvəzifəli rəhbərləri bazar günü Ər-Riyadda başlayan Beynəlxalq Neft Konqresində iştirakdan imtina ediblər.
Bundan başqa, Səudiyyə Ərəbistanının paytaxtında fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər əməkdaşlarını məsafədən iş rejiminə keçiriblər.
Qeyd edək ki, oktyabrın 10-da Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad hava limanına hücum nəticəsində azı 12 nəfərin öldüyünü, 309 nəfərin yaralandığını açıqlayıb.
Oktyabrın 11-də hava limanına növbəti hücumun həyata keçirildiyi və xəsarət alanların olduğu bildirilib.
Yəmənin “Ənsar Allah” hərəkatı isə həmin gün ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə sutka ərzində dörd genişmiqyaslı əməliyyat keçirdiyini bəyan edib.