Türkiyədə Çanaqqala zəfərinin 107-ci ildönümü qeyd olundu - “1915 ÇANAQQALA” KÖRPÜSÜ AÇILDI
FOTO
Türkiyədə 18 mart - Şəhidlərini Anma və Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümü ilə əlaqədar rəsmi mərasim keçirilib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin dövlət və hökumət rəsmiləri iştirak ediblər. Ölkəmiz tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla yanaşı, azərbaycanlı şagird və müəllimlərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
 
Tədbirlər çərçivəsində, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Çanaqqalanın Cümhuriyyət meydanında yerləşən “Atatürk” abidəsinin önünə əklil qoyulub, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün və Çanaqqala şəhidlərinin xatirəsi yad edilib.
 
Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə üzərində “Çanaqqala keçilməz” yazısı olan qızıl sancaqlı türk bayrağı qaldırılıb.
 
Tədbirdə çıxışı zamanı Çanaqqala Zəfərinin Türkiyə tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayan Prezident Ərdoğan bu Zəfərin təkcə Türkiyənin deyil, o cümlədən ölkənin müstəqilliyi uğrunda canından keçən bütün xalqların nümayəndələrinin qələbəsi olduğunu deyib.
 
Dəniz döyüşlərini canlandırmaq məqsədilə gəmilərin Çanaqqala boğazından keçidi olub. Türkiyə ordusunun “Şahin”ləri Çanaqqala səmasında möhtəşəm aviaşou nümayiş etdiriblər.
 
Tədbirlər çərçivəsində Çanaqqalanın Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsünün rəsmi açılış mərasimi keçirilib. Bu, Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.
 
Tədbirdə çıxış edən Prezident dörd il əvvəl təməli atılan və inşası nəzərdə tutulan tarixdən bir il əvvəl başa çatan körpünün tikintisində beş mindən artıq canlı və 740 iş qüvvəsinin iştirak etdiyini bildirib.
 
Prezident R.T.Ərdoğan hakimiyyəti dövrü ərzində həyata keçirilən irimiqyaslı layihələr və onların Türkiyə üçün əhəmiyyətindən danışıb. Sonra körpünün rəsmi açılışı olub. 
Qeyd edək ki, dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan “1915 Çanaqqala” 1052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Bundan əlavə, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.
 
Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək. “1915 Çanaqqala” körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir. 
Xatırladaq ki, Birinci Dünya müharibəsinin ən ağır savaşlarından olan Çanaqqala döyüşündə türk əsgərləri ilə yanaşı, üç minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.
 
1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən bu döyüşün Türkiyə üçün çox böyük əhəmiyyəti var.
 
Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Mustafa Kamal Atatürk kimi dahi yetişdirib, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olub. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda bunun əsl ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.