
Avropa İttifaqı (Aİ) dövlətlərinin müdafiə nazirləri Sloveniyanın Kran şəhərində bir araya gəliblər.
“Haber Global”ın məlumatına görə, gündəmdəki məsələ Aİ-nin öz hərbi qüvvəsini yaratması olub. İclasda iştirak edənlər Əfqanıstanda baş verən son hadisələrin bu ehtiyacı bir daha gündəmə gətirdiyini qeyd ediblər.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bildirib ki, Avropa hərbi qüvvəsinə ehtiyac indiyə kimi bu qədər özünü büruzə verməmişdi: “ABŞ daxil olmaq istəmədikdə Aİ maraqlarımızı qoruya bilmək üçün müdaxilə edə bilməlidir. Bunu açıq deyirəm. Aİ-yə üzv dövlətlər olaraq, lazımi şəkildə hərəkət edə bilmək üçün potensialımızı artırmalıyıq. Bunun alternativi yoxdur”.
Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qeyd edib ki, İttifaq Əfqanıstanda olanlardan dərs almalı və özünə aid hərbi qüvvə yaratmalıdır.
İttifaqın özünün ordusunu yaratması və 2022-ci ildə təsdiq üçün təqdim etməsi planlaşdırılır.
Qeyd edək ki, mövzu Aİ-də may ayında da gündəmə gəlmişdi.