Avropa İttifaqı (Aİ) və Böyük Britaniya “Taliban”ı Əfqanıstanın yeni hökuməti olaraq tanımayacaqlar.
Əfqanıstanda hökuməti ələ alan “Taliban”ın yeni hökuməti elan edəcəyi gözlənilsə də, Avropa İttifaqı və Böyük Britaniya “Taliban” administrasiyasını tanımayacaqlarını açıqlayıblar.
Britaniyanın xarici işlər naziri Dominik Rab Pakistana səfəri zamanı Kabildə yeni “Taliban” hökumətini tanımayacaqlarını, eyni zamanda, Əfqanıstanın yeni reallığı ilə üzləşdiklərini, ölkənin sosial və iqtisadi parçalanma vəziyyətini görmək istəmədiklərini bildirib.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell qurumun xarici işlər nazirlərinin Sloveniyada keçirilən iclasında “Taliban”ı ölkənin qanuni hökuməti olaraq qəbul etməyəcəklərini, bu hərəkatla hər hansı bir əlaqənin yalnız Əfqanıstan xalqını qorumaq məqsədilə və ciddi şərtlər altında qurula biləcəyini söyləyib.
Digər tərəfdən, Aİ qaçqınların təxliyəsini, “Taliban”ın təhlükəsizlik və insan hüquqları kimi mövzularda verdiyi vədlərə əməl edib-etmədiyini izləmək üçün Kabildəki nümayəndəliyi vasitəsilə hərəkatla əlaqə qurmağı planlaşdırır.
AzərTAc xatırladır ki, bundan əvvəl ABŞ da “Taliban”ı Əfqanıstanın yeni hökuməti kimi tanımayacağını açıqlamışdı.