Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev bir az əvvəl “Facebook” sosial şəbəkəsində maraqlı status paylaşıb.
Senzor.az toxunulan mövzunun aktuallığını nəzərə alaraq dəyərli ziyalımızın həmin statusunu oxucularına təqdim edir.
**
Bu gün şəhərimizdə Monolit adı ilə tanınan məşhur binanın qarşısından keçirdim. Fasaddakı məşhur sakinlərlə bağlı xatirə lövhələri diqqətimi çəkdi. Tanınmış hərbçilərimizin - general-mayor Akim Abbasovun, general-mayor Şəmsi Rəhimovun, general-leytenant Hüseyn Rəsulbəyovun xatirə lövhələri batelyef tipli və yenidir.
Amma təəssüf ki, bu lövhələrdə də heç bir prinsip gözlənilməyib. Birində soyad əvvəldə, şəxs adı sonda, digərində isə tam tərsinə yazılıb. Heç birinin doğum və ölüm illəri, Akim Abbasov istisna edilməklə bu binada yaşadıqları tarix qeyd olunmayıb. Eyni diqqətsizlik rütbələrlə bağlı da nəzərə çarpır.
Mədəniyyətimizin sərkərdəsi Üzeyir bəyin bəxti isə heç gətirməyib. Onun indi istifadədən çıxmış kiril əlifbası ilə yazılmış xatirə lövhəsində bir orfoqrafik səhv (“evdə” əvəzinə “evda” və üç durğu işarəsi səhvi var. Azərbaycan və rus mətnləri adekvat deyil. Azərbaycan mətnində “dahi bəstəkardır”, rus mətnində isə sadəcə “böyük bəstəkardır” ). Və ümumiyyətlə, Üzeyir bəyin adına, şəxsiyyətinə, xidmətlərinə layiq deyil.
Akademik Heydər Hüseynovun xatirə lövhəsi sanki candərdi vurulub, Mərziyə Davıdovanın lövhəsi isə nədənsə yalnız rus dilindədir. Yaxşı olardı ki, bu “raznoboya” son qoyulsun və bütünlükdə xatirə lövhələrindəki mətnlərin unifikasiyası aparılsın. Şuşa ilində Üzeyir bəyin tarixi və mənəvi cəhətdən köhnəlmiş, səhvlərlə dolu xatirə lövhəsini yeniləmək isə bir şərəf borcu olmalıdır.
P.S. Bakının beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsi nəzərə alınaraq xatirə lövhələri mətnlərinin Azərbaycan və ingilis dillərində tərtibi daha məqsədəuyğun olardı.