Ermənilər seçim etməlidirlər: YA İNKİŞAF, YA FƏLAKƏT
ELÇİN ALIOĞLU YAZIR

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin aksiyaları davam edir. Aprelin 19-dan bəri yaşananlar və xüsusilə də son dörd gündəki hadisələr göstərir ki, ölkədəki müxalifət, "qarabağlılar klanı", Erməni Həvariyun (Apostol) Kilsəsi və kənardan idarə olunaraq maliyyələşən qruplaşmaların xarici ölkələrdəki erməni diasporu ilə birlikdə təşkil etdikləri prosedurlar gözlənilən nəticəni vermədi.

 

Həmin nəticənin bundan sonra əldə olunması sadəcə, mümkün deyil.

 

Ermənistan Apolstol Kilsəsinin (EAK) Tavuş yeparxiyasının arxiyepiskopu, keşiş Baqrat Qalstanyan aksiyaların "qələbəyə qədər davam edəcəyini" vurğulayıb.

 

O, hətta baş nazir olmaq istəyini də gizlətməyib: "Xalq istəyərsə, müxalifət razılaşarsa və Kilsə rəhbərliyi xeyir-dua verərsə, mən kiməm ki, xalqın tələbinə və Tanrının istəyinə qarşı çıxım?!"

 

Keşiş Qapon rolunu oynayan keşiş Baqrat əslində hakimiyyətə gələ bilməyəcəyini bilir. O, Ermənistandakı "qarabağlılar klanı"nın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın adi marionetidir.

 

Kilsə, diaspor, "qarabağlılar klanı" və kənardan idarə olunan müxalif qrupların hələ açıqlamadıqları, ciddi-cəhdlə pərdələməyə çalışdıqları əsas məqsədləri Robert Köçəryanın hakimiyyətə gətirilməsidir.

 

Amma yaşanan proseslər onların məqsədə çatmayacaqlarını bariz şəkildə göstərir.

 

Srağagün və dünən İrəvanın mərkəzindəki Respublika meydanına yığışanlar, şəhərin müxtəlif küçələrini bağlayaraq nəqliyyatın hərəkətini dayandırmağa çalışanlar dövlət qurumlarının "iflic"inə nail ola bilmədilər. Onlar hadisələrin intensivliyini fasiləsiz artıraraq prosesləri apogey nöqtəsinə çatdırmağı, dinamikanı artırmağı, etiraz aksiyalarına qatılanların sayını çoxaltmağı və ən başlıcası, aksiyaları effektiv idarə etməyi bacarmadılar.

 

Sadalanan problemləri bundan sonra həll edə biləcəklərinə isə ümid çox azdır.

 

2018-ci ildən bəri Ermənistanda ən müxtəlif səbəblər və məqsədlərlə keçirilən etiraz aksiyalarının xronologiyası göstərir ki, böyük yürüşlərdən və mitinqlərdən sonra kütlə sakitləşir, insanlarda apatiya və süstlük, mövcud vəziyyətlə barışıq yaranır.

 

Ermənistanın baş naziri Nikol Paşinyana gəldikdə, hakimiyyətini qorumaq və postunda qalmaq üçün onun iki əsas məsələni həll etməsi gərəkir:

 

1. Hüquq-mühafizə orqanları üzərində tam nəzarəti saxlayaraq onların effektiv fəaliyyətini təmin etmək

 

2. Başçılıq etdiyi "Mülki Müqavilə" partiyasının ölkə parlamentindəki fraksiyasından yararlanaraq ali qanunverici strukturdakı proseslərin məcradan çıxmasına imkan verməmək. Bu, Paşinyan tərəfdarlarının konsolidasiyasını ehtiva edir.

 

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, 32 ildən bəri erməni işğalında olan 4 kəndin azad edilərək rəsmi Bakıya qaytarılması, sülh sazişi ilə bağlı prosesdə fəallaşma - bütün bunlar Ermənistanda hakimiyyətə qarşı olan qüvvələr üçün müəyyən mənada, böyük şans idi.

 

Erməni Apostol Kilsəsi və xarici ölkələrdəki erməni diasporunun liderləri bunu anladıqlarından son 20 ildə ilk dəfə geniş koalisiya yaratmaq qərarına gəldilər.

 

Həmin koalisiya R.Köçəryan və S.Sarqsyanın nəzarətindəki siyasi təşkilatlar və təbii ki, əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı", daşnaklar, erməni kilsəsi, diaspor, habelə Rusiya və İranın maliyyələşdirərək təlimatlandırdıqları qüvvələr qatıldılar.

 

Və yenə də, ilk dəfə olaraq Erməni Apostol Kilsəsi bütün imkanlarını "konsolidasiya" üçün işə salıb, R.Köçəryan və S.Sarqsyanın resursları bu birlik üçün işləyir, Rusiyanın mass-mediasında birmənalı olaraq hədəfə alınmış Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasını istəyənlər "etiraz edən xalq" kimi təqdim olunur.

 

Halbuki, aprelin 19-dan sonra Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq o qədər də çətin deyildi. Hələ də "Böyük Ermənistan" xülyası ilə yaşayan, revanşizm və qisas yanğısıda qovrulan, Azərbaycan ərazilərini yenidən işğal etmək xəyalını daşıyan, qondarma "erməni soyqırımı"na görə Türkiyədən təqribən 1 trilyon dollarlıq təzminat almaq kimi idiotik illüziyanın daşıyıcısı olan erməni cəmiyyətinin səbr kasası daşmaq üzrə idi.

 

Nikol Paşinyan demarkasiya və delimitasiya prosesinə start verərək Tavuş (Tovuzqala) rayonuna yollananda qondarma "soyqırım"dan bəhs etmiş, "soyqırım" ifadəsini işlətməyərək "böyük qırğın" ("Mets yegern") demişdi.

 

Daha sonra o, bəyanatlarında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı preambulanın dəyişdirilməsi üçün referendum keçirilməsinə zərurət duyulduğunu dedi. Bir qədər də keçdi, N.Paşinyan Ermənistanın dövlət gerbində Türkiyə ərazisindəki Ağrı dağının siluetinin "yanlışlıq" olduğunu dedi.

 

Beləcə o, Ermənistandakı revanşistlərlə millətçilərin əsəblərini tarıma çəkdi, cəmiyyətdə isə baş nazirin "təslimçi və zəif" olmasıyla bağlı narrativin yenidən gündəmə gəlməsinin səbəbkarı oldu.

 

Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələrin aktivləşməsi, birləşməsi, müvəqqəti də olsa, alyans və ya ittifaq yaradaraq mübarizəyə başlamaq üçün az qala ideal şərait formalaşmışdı.

 

Çünki bəhs etdiyimiz kimi, Nikol Paşinyan erməni cəmiyyəti ilə bağlı keçirdiyi siyasi sınaqları son həddə çatdırmışdı.

 

Amma Paşinyanın əleyhdarları bacarmadılar: dağınıq erməni müxalifəti hələ də birləşə bilmir, kilsə və diaspor merkantil maraqlarını gizlətmir, ən başlıcası isə onlar mümkün ssenarilərdən ən pisini, hətta ən sərsəmini seçərək Robert Köçəryanın hakimiyyətə qayıdış yanğısının reallaşdırılmasına çalışırlar.

 

Halbuki Ermənistan vətəndaşlarının əksəriyyəti üçün Robert Köçəryan qıcıq yaradan şəxs, Nikol Paşinyandan sonra baş nazir postunda əyləşməsi ehtimal olunan ən pis namizəddir.

 

Ermənilərin total çoxluğunun nəzərində Robert Köçəryan əslən qarabağlı erməni olduğu üçün “gəlmə” sayılmaqla yanaşı, hakimiyyətdə olduğu illərdə ölkəni qarət edən və milyardlarla dollarlıq sərvət toplamış yaramaz fiqurdur.

 

Nikol Paşinyan narahat deyil.

 

ABŞ, Fransa və Avropa İttifaqı onu tam dəstkləyir. Hətta Qərb, Rusiyaya qarşı kəskin mövqe tutmuş N.Paşinyanın hakimiyyətdə qalması üçün Ermənistan parlamentinin Rusiyaya meyilli və Moskvanın nəzarətindəki siyasi qüvvələrdən, yəni Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” və Serj Sarqsyanın yaratdığı “Şərəfim var” fraksiyalarından “təmizlənməsi”nə də razıdır.

 

Eyni zamanda, hazırda Ermənistandakı etiraz aksiyaları hüquq-mühafizə orqanları tərəfindən dağıdılarsa, Qərb buna da göz yumacaq.

 

Məqsəd aksiya iştirakçılarının növbədənkənar parlament seçkiləri tələbinin rədd etməkdir.

 

Məhz bu səbəbdən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək.

 

Keşiş Baqrat və ondan marionetka kimi istifadə edənlərsə özləri də hiss etmədən Nikol Paşinyanın hakimiyyətini möhkəmləndirir, iqtidarın müqavimət potensialını artırırlar.

 

Baqrat və onun təmsil etdiyi düşərgədəki siyasətçilər, bloqerlər, jurnalistlər nə qədər ki, “Paşinyanı və onun adamlarını hakimiyyət dəyişikliyindən sonra ən ağır cəzalara tuş edəcəyik» deyirlər - Ermənistanın baş nazirinin rəhbərlik etdiyi partiyanın və bu partiyanın parlament franksiyasının, dövlət qurumlarındakı məmurların, güc strukturlarında çalışanların sıralarında vəhdət, müxalifətə müqavimət hissi o qədər güclənir.

 

Qərbə gəldikdə isə, Vaşinqton-Paris-Brüssel triosu anlayırlar ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması Rusiyanın Ermənistanda yenidən hakimi-mütləq olması, proseslərə tam nəzarəti ələ keçirməsi deməkdir.

 

Bu səbəbdən də Qərb Ermənistanda demokratiyanı, inkişafı, insan haqlarını və s.-ni yox, məhz Paşinyanı müdafiə edir.

 

Azərbaycana qalan isə sadəcə, prosesləri mühahidə etməkdir.

 

Ermənistanda kimin hakimiyyətdə olması Bakı üçün maraqlı deyil. Paşinyan devrilsə belə, onun yerinə gələcək qüvvə revanşizm və özünəarxayınlıq illüziyasına qapılarsa, aldığı cavab çox ağır olacaq.

 

Daha doğrusu, öldürücü olacaq.

 

Azərbaycanı öz sərhədlərini və vətəndaşlarını qorumaq yolunda kimsə saxlaya bilməz.

 

Bunu Ermənistan rəhbərliyi də bilir, Qərb də.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.