Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə terror qruplaşmalarına dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüb.
Bu barədə “Geo” telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu addım Əfqanıstan ərazisindən Pakistan ərazisinə edilən hücumlara cavab olaraq həyata keçirilən hərbi əməliyyat çərçivəsində atılıb. Əməliyyat zamanı İŞİD və “Pakistan Talibanı”na bağlı silahlı qruplar zərərsizləşdirilib.
Hərbi əməliyyatlara artilleriya qurğuları, tanklar, qırıcı təyyarələr və pilotsuz uçuş aparatları (PUA) cəlb olunub. Pakistan tərəfi bildirib ki, əməliyyatlar yalnız yaraqlıların mövqelərinə qarşı yönəlib və mülki əhali hədəf alınmayıb.
**23:54 (11.10.2025)
Əfqanıstan-Pakistan sərhədində döyüşlər səngimir.
Pakistan KİV-i xəbər verir ki, Duran Mela, Utaar və Manucab ərazilərində sərhəd hasarını aşmaq üçün üç cəhd qeydə alınıb. Cavab atəşi nəticəsində 5 "Taliban" döyüşçüsü öldürülüb.
Manucabda sərhəd postuna hücum dəf edilib və "Taliban" qüvvələri geri çəkilib.
Xarlaçi postu yaxınlığında artilleriya atəşi mübadiləsi baş verib.
Pakistan artilleriyası Əfqanıstanın Ziqar və Əşrəf Sər istehkamlarına zərbələr endirib. Bundan sonra "Taliban" bölmələri mövqelərindən geri çəkiliblər.
Eyni zamanda, bəzi mənbələr Pakistan tərəfdən azı 12 hərbçinin həlak olduğunu bildirirlər.
**23:18
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endiriblər.
Bu barədə "Tolo News" məlumat yayıb.
Əfqanıstan Müdafiə Nazirliyi bəyan edib ki, cümə günü gecə saatlarında Kabil və Paktika əyalətinin atəşə tutulmasına cavab olaraq Lahora zərbələr endirib.
Pakistan qırıcıları isə Əfqanıstanın sərhəd əyalətlərini bombalayıblar.
Oxu.az xatırladır ki, ötən gün baş verən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi həlak olub.