
Ölkənin inkişafına mənfi təsir göstərən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək.
Senzor.az bildirir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov bu gün VIII çağırış Joqorku Keneşin ikinci sessiyasının açılışında deyib.
“24.kg” portalı yazır ki, o, cəmiyyətdə sabitliyi qəsdən pozan və vətəndaşları çaşqınlığa salan şəxslərlə bağlı tədbirlər görülməsinin zəruriliyini bildirib.
Dövlət başçısı ictimai xadimləri, deputatları, ekspertləri, jurnalistləri və blogerləri ictimaiyyət qarşısında etdikləri açıqlamalara məsuliyyətlə yanaşmağa çağırıb.
Sadır Japarov qeyd edib ki, xüsusilə də internetin sürətlə inkişaf etdiyi dövrdə yoxlanılmamış məlumatların yayılması ciddi problemə çevrilir. Bununla yanaşı, Prezident sübut edilmiş və əsaslandırılmış faktlara söykənən mənfi hallara və korrupsiyaya dair məlumatların ölkə rəhbərliyinə kömək edə biləcəyini vurğulayıb.
“Dövlətin inkişafına mane olan, xüsusilə korrupsiyaya aidiyyəti olan şəxsləri amansızcasına cəzalandıracağıq”, - deyə o bildirib.
Bununla yanaşı, dövlət başçısı demokratiyanı bəhanə gətirməyin və ondan məsuliyyətsiz davranışa haqq qazandırmaq üçün istifadənin yolverilməz olduğunu vurğulayıb.
“Belə şəxslərə qarşı da qanun çərçivəsində sərt tədbirlər görüləcək”, - deyə Sadır Japarov bildirib.