
Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib.
Senzor.az bildirir ki, yeni sədr postu Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib.
Səsvermə bu gün Nizami Kino Mərkəzində keçirilən konfransda baş tutub.
Xatırladaq ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra onun səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi. Bundan əvvəl qurumun katibi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüşdü. Amma ötən ay Ə.Cabbarov namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini elan etdi. Bildirilmişdi ki, onun ərizəsi yalnız yeni sədr seçiləndən sonra təsdiqlənə bilər.
Şəfiqə Məmmədova konfransdan sonra jurnalistlərə açıqlamasında deyib: "Mən çox fikirləşmişəm, lakin nə qədər gücüm varsa, çalışacam. Elə buna görə də namizədliyimi irəli sürmüşəm. Mənə səs verənlərə də, səs verməyənlərə də təşəkkür edirəm. İttifaq daxilində bir çox çətinliklər və problemlər var, bu, heç kəsə sirr deyil. Amma kino sahəsində inkişaf var və bir çox layihələr təqdim edəcəyik. Yaxın günlərdə "44" filminin nümayişi olacaq”.