
Fransada yanacağın qiymətinin sürətlə artması sosial şəbəkələrdə “Sarı jiletlilər” hərəkatının yenidən aktivləşməsinə dair çağırışları gücləndirib. Paylaşılan plakatlarda xüsusilə oktyabrın 17-nə kütləvi etiraz aksiyasına çağırışlar yer alır.
Çağırışlarda benzinin və dizelin bahalaşmasına etiraz edilir. Bəzi yazılarda ölkənin müxtəlif şəhərlərində toplaşma məntəqələri göstərilir.
Yanacağın qiymətindəki artım etirazların əsas səbəblərindən biri kimi irəli sürülür. 2018-ci ildə “Sarı jiletlilər” hərəkatının başlanğıcında dizelin litri təxminən 1,47 avro olduğu halda, hazırda orta qiymət 2,25 avroya çatıb. Bu, təxminən 53 faiz artım deməkdir.
Fransa hökuməti isə yanacağa tətbiq olunan vergilərin azaldılmasını nəzərdə tutmur. Hökumətin sözçüsü Mod Brejon bunun hökumətin seçimi olmadığını bildirib.
Siyasi dairələrdə də məsələ ətrafında çağırışlar səslənir. Kommunist Partiyasının prezidentliyə namizədi Fabien Russel hökumət tədbir görmədiyi təqdirdə fransızları 2018-ci ildə olduğu kimi səfərbər olmağa çağırıb. “Əyilməz Fransa” (LFI) qrupunun rəhbəri Matild Pano da partiyasının hökumətə qarşı bütün aksiyalarda iştirak edəcəyini açıqlayıb.
Azertag.az xatırladır ki, “Sarı jiletlilər” 2025-ci il sentyabrın 10-da da “Hər şeyi dayandıraq” şüarı ilə aksiya keçirmişdilər. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin aksiyaya təxminən 175 min, həmkarlar ittifaqlarının hesablamalarına görə isə 250 minə yaxın etirazçı qoşulmuşdu.