
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.




**
Goranboy Rayon İcra Hakimiyyətini başçısı Məhərrəm Quliyev jurnalistlərə bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “60 mənzilli, 6 bloklu 5 mərtəbəli binadır. İkinci blokun birinci mərtəbəsində döşəmə çöküb və 3 nəfər yüngül xəsarət alıb”. 
O bildirib ki, səhər saatlarından rayonun bütün rəhbər şəxsləri, Fövqəladə Hallar Komissiyası, hüquq-mühafizə orqanları ərazidədir: “Dərhal hadisə nəzarətə götürülüb. Binadan 60 ailə təxliyə olunub. Onlar üçün qida və isti yer təşkil olunub. Binanın çökmə səbəbi görünür ki, mərtəbənin bünövrəsindən qaynaqlanan problemdir. Bu barədə ilkin nəsə deyə bilmərik. Komissiya iş aparır”.
M.Quliyev xəsarət alanların vəziyyətinin yaxşı olduğunu bildirib: “Hadisə ilə bağlı FHN və Nazirlər Kabinetinə rəsmi məlumat verilib. İnsanlar evukuasiya olunub. Xəsarət alan 3 nəfərin isə hazırda vəziyyəti yaxşıdır. Onlara ilkin tibbi yardım göstərilib. Həmçinin bu istiqamətdə orada yaşayan insanların hesabatı aparılır”. 
İcra başçısı evakuasiya olanların bu gün evinə qayıda bilməyəcəyini deyib: “Binada daimi və kirayə yaşayan şəxslər var. Hər birinin hesabatı götürülüb. Bundan sonrakı mərhələdə Nazirlər Kabinetinin və Fövqəladə Hallar Nazirliyinin qərarına uyğun insanların sonrakı vəziyyəti ilə bağlı qərar qəbul olunacaq. Ümumi vəziyyət nəzarətdədir. Hər hansı narahatlıq yoxdur. Çox güman bu gün orada yaşayan insanlar müvəqqəti olaraq evinə qayıda bilməyəcək. Bəzilərinin yaxın qohumları varsa köçürüləcək. Yoxdursa, dövlət vətəndaşının yanındadır”.