Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-la bağlı təkliflər hazırlayır.
Bu barədə "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük məsuliyyətdir: "Prezident İlham Əliyevin yanında bununla bağlı ilk təşkilati iclas oldu, müvafiq tapşırıqlar verildi. Bununla bağlı növbəti dövrdə təşkilat komitəsi də yaranacaq. Bildiyiniz kimi, COP28-də 112 min adam qeydiyyatdan keçib, 85 min adamın iştirakı təsdiqlənib. Bakıda da ən azından 25-30 min adamın eyni gündə iştirakı gözlənilir. Həmin adamların qonaqlanması, onların daşınması, tədbir proqramının hazırlanması, ümumiyyətlə, Bakının bu tədbirə hazırlanması ilə bağlı böyük işlər görülür. Əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən təşkilat komitəsi təsdiq edildikdən sonra tədbirlər və tapşırıqlar daha aydın olacaq. Hazırda isə hər bir dövlət qurumuna öz üzərlərinə düşəcək öhdəlikləri yerinə yetirmələri üçün öz təkliflərini hazırlamaq tapşırılıb. Biz də Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq təkliflərimizi hazırlayırıq".