Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.
Məlumata görə, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
Z.Mahmudovun vəziyyəti qənaətbəxş hesab edilir.
Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. O, əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. ANAMA əməkdaşına sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub.
Z.Mahmudov daha sonra Gəncə şəhər Mərkəzi Klinikasına təxliyə edilmişdi.