Yanvarın 22-dən 26-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri də qış sessiyasında iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, sessiyanın açılışında AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək. Sessiya çərçivəsində Yaxın Şərqdəki hadisələr - HƏMAS-ın İsrailə hücumu, İsrailin cavab tədbirləri, Avropada cəzaçəkmə müəssisələrində sistematik işgəncə iddiaları və demokratik cəmiyyət üçün SLAPP-lərə (İctimai İştirakçılığa Qarşı Strateji Məhkəmələr) qarşı mübarizə və digər məsələlər əsas müzakirə mövzularından olacaq. Bundan başqa, ukraynalı uşaqların vəziyyəti ilə bağlı təcili prosedur çərçivəsində müzakirələrin keçirilməsi də nəzərdə tutulur.
Kiprin Prezidenti Nikos Xristodulides və Monteneqronun Prezidenti Yakov Milatoviç, eləcə də Lixtenşteynin Baş naziri Daniel Rişin AŞPA qış sessiyasında çıxışları gözlənilir. Lixtenşteynin xarici işlər, təhsil və idman naziri, Nazirlər Komitəsinin sədri Dominik Hasler və Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin hesabatları dinləniləcək. Onlar avropalı parlamentarilərin suallarını da cavablandıracaqlar.
Parlamentarilər sessiya müddətində Avropa Şurasının insan hüquqları üzrə komissarını da seçəcəklər.
Qış sessiyasının gündəliyində böhran və müharibə dövründə qloballaşma, Rusiya-Ukrayna müharibəsindən sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rolu, seçki kampaniyasında miqrasiya və sığınacaq, eləcə də Avropadakı müəssisələrdə uşaq istismarının qarşısının alınması kimi mövzular da yer alıb. Müzakirələrdə OECD-nin Baş katibi Matias Korman da iştirak edəcək.