Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
Senzor.az bildirir ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
BƏƏ lideri yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.