Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev dünyasını dəyişib.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə Şərif Əsədullayevin yaxınları məlumat yayıblar.
Ş.Əsədullayev 69 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ş.Əsədullayev 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb.
2014-cü il yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib.
O, 2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Onu da qeyd edək ki, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
Mərhum bu gün Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.