Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub və ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Amma həmin cəza 5 il sınaq müddəti olmaqla şərti hesab edilib.
Senzor.az xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə elan olunub.
Eyni zamanda onun əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Prokuror S.Müslümov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilməsini istəmişdi.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.