Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian Moskvada keçirilən danışıqlarda təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Patruşev-Əhmədian görüşündə Rusiya-İran təhlükəsizlik əməkdaşlığının geniş spektri müzakirə edilib. Əsas diqqət iki ölkənin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinə yönəlib.
Nikolay Patruşev və Əli Əhmədian yeni ikitərəfli hərtərəfli uzunmüddətli sazişin hazırlanmasını da müzakirə ediblər.
"Yeni ikitərəfli hərtərəfli uzunmüddətli sazişin hazırlanması məsələsinə toxunulub. Bu fundamental sənədin imzalanmasının bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə güclü təkan verəcəyi vurğulanıb", - deyə məlumatda bildirilib.
Bundan əlavə, tərəflər qlobal və regional tendensiyaları, habelə 2024-cü ildə Rusiya və İranın Təhlükəsizlik Şuraları arasında gözlənilən ikitərəfli və çoxtərəfli təmasları nəzərdən keçiriblər.
İki ölkənin təhlükəsizlik şuralarının işçi qruplarının qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyət cədvəli razılaşdırılıb.