Döyüş meydanında (Ukraynada-red.) vəziyyət çətindir. Ancaq bu bizim geri çəkilməyimiz üçün yox, əksinə, yardımlarımızı artırmaq üçün səbəb olmalıdır.
Bunu NATO Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında deyib.
Onun sözlərinə görə, “əgər Putin Ukraynada uğur qazanarsa, onun bu təcavüzü yalnız Ukrayna ilə məhdudlaşmayacaq”.
“Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik. Mən sizin Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin bu müharibədə qələbə qazanmaması üçün əllərindən gələni etməyə çağırıram”, - NATO Baş katibi qeyd edib.
O, Ermənistanla tərəfdaşlığı gücləndirməyi və Cənubi Qafqazda sülhə, sabitliyə və çiçəklənməyə nail olmaq üçün birgə işləməyi səbirsizliklə gözlədiyini bəyan edib.
**12:52
NATO-nun Baş katibi Yens Stoltenberq İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onlar Ermənistan-NATO qarşılıqlı fəaliyyəti, regional proseslər, İrəvan və Bakı arasında sülh sazişi ilə bağlı məsələləri müzakirə ediblər.
Hazırda görüş geniş tərkibdə davam edir.
**12:12
NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Y.Stoltenberq bir günlük səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin prezidenti Vaaqn Xaçaturyanla görüşlər keçirəcək.