Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına dünən Moskvada baş verən terror aktı ilə əlaqədar gül dəstələri düzülüb.
Yerli KİV xəbər verir ki, səfirlik binasının qarşısına gül dəstələri düzən insanlar dünənki faciədə həlak olanların xatirəsinə dualar oxuyublar.
Səfirlikdə onlayn xatirə kitabı açılıb.
Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.
"Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik".
Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkkür edib.
**10:48
Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri gətirməyə başlayıblar.
Oxu.Az-ın məlumatına görə, onlar martın 22-də axşam saatlarında Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunda həlak olanların yaxınlarına dəstək nümayiş etdirirlər.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 82-yə çatıb, 147 nəfər yaralanıb.