Ermənistanda səfərdə olan Gürcüstan Baş naziri İrakli Kobaxidze həmkarı Nikol Paşinyanla birlikdə İrəvanda Gürcüstanın yeni səfirlik binasının açılışını edib.
Məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, Gürcüstan tərəfi digər diplomatik nümayəndəliklərin olduğu şəhərin mərkəzi hissəsində yerləşən binanı 2024-cü ildə alıb. Qeyd olunub ki, bu, Ermənistanda Gürcüstana məxsus olan 15-ci binadır.
**15:22
Gürcüstan regionda sabitliyin və sülhün bərqərar olmasına tərəfdardır. Biz ümid edirik ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq.
Ermənistan KİV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də İrəvanda erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
İ.Kobaxidze söyləyib ki, Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülhü qətiyyətlə dəstəkləyir: "Biz regionda baş verən proseslər barədə ətraflı danışdıq və problemlərin həllində birgə səylərimizin vacibliyini vurğuladıq. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi uğurla nəticələnəcək. Gürcüstan regionda sülhün və sabitliyin təmin olunmasında öz müsbət rolunu oynamağa hazırdır".
O, N.Paşinyanı yenidən Gürcüstana səfərə dəvət edib.
Xatırladaq ki, İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir.
**12:20
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə, Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. İ.Kobaxidzenin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.
Gürcüstanın hökumət başçısının başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.