Avropa İttifaqı Şurası təşkilata üzv olan ölkələrdə media azadlığını, plüralizmini və redaksiya müstəqilliyini qoruyacaq yeni qanun qəbul edib.
Bu barədə qurumun rəsmi səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Avropa Media Azadlığı Aktı (EMFA) Aİ-nin daxili bazarında media xidmətləri üçün ümumi çərçivə yaradacaq və jurnalistlərlə media provayderlərini siyasi müdaxilədən qorumaq, eyni zamanda onların Aİ-nin daxili sərhədləri boyunca fəaliyyətini asanlaşdırmaq üçün tədbirlər təqdim edəcək.
Məlumata görə, yeni qaydalar vətəndaşların ödənişsiz və çoxlu məlumat əldə etmək hüququnu təmin edəcək, həmçinin üzv dövlətlərin bu məlumatı qorumaq üçün müvafiq şərait və çərçivə təmin etmək məsuliyyətini müəyyənləşdirəcək.